Поиск по этому блогу

Мой список блогов

вторник, 13 апреля 2010 г.

Azərbaycan elmində sensasiya baş verib
Ali təhsili olmayan şəxs alimlik dərəcəsi almaq üçün müdafiəyə buraxılıb

Azərbaycanın elm tarixində sensasiya sayıla biləcək hadisə baş verib. Heç bir ali məktəbi bitirməyən Cabbar Məmmədov Prezident yanında Ali Attestasiya Komissiyasının qərarı ilə alimlik dərəcəsi almaq üçün müdafiəyə buraxılıb. Dissertasiya müdafiəsi ərəfəsində bu "oxumamış alim" APA-ya müsahibə verib.

- Özünüz haqqında bir az məlumat verərsinizmi?

- 1970-ci ildə Ağdaş rayonunun Ləki qəsəbəsində anadan olmuşam. Orta məktəbi bitirmişəm. 38 yaşım olsa da, hələlik subayam. Orta məktəbi bitirdiyim il atam infarkt keçirdiyinə görə, ailədə müəyyən problemlər yarandı. Ona görə də ali məktəbə sənəd verə bilmədim. Sonra hərbi xidmətə getdim. Əsgərliyimi Krasnoyarsk vilayətində keçirmişəm. Əsgərlikdən gələn kimi Qarabağa yollandım. Tağım komandiri kimi müxtəlif bölgələrdə gedən döyüşlərdə iştirak etmişəm. Füzuli uğrunda gedən döyüşlərdə yaralandım və ordudan tərxis olundum. 1998-ci ilə kimi Ağdaşda montyor işləmişəm. Həmin vaxtlar atam rəhmətə getdi və ailəni dolandırmaq üçün Bakıya üz tutdum. Tikinti sahəsində montyor kimi işləməyə başladım. Bu müddət ərzində yazılar yazır, elmi jurnallarda çap etdirirdim. O vaxt Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru Ağamusa Axundov bu yazıları oxuyub məni görüşə çağırmışdı. Ondan sonra davamlı olaraq elmin müxtəlif sahələri ilə məşğul olan alimlər mənimlə maraqlanmağa başladılar. Azərbaycan Universitetinin rektoru Səlahəddin Xəlilov ilk kitabımın çap olunmasına kömək etdi. Sonra kompyuter proqramları tərtib etməyə başladım. Həmin proqramlar istənilən mətni Azərbaycan dilindən müxtəlif xarici dillərə tərcümə edirdi. Bu proqramı tərtib etdiyim üçün Ağamusa Axundov Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutu ilə danışıqlar apardı, ora işə düzəldim. Bir il orada çalışdım və həmin proqramların ilkin versiyalarını yaratdım. İlkin versiyada həmin proqram bir neçə min sözdən ibarət mətni qrammatik qayda-qanuna uyğun şəkildə tərcümə edirdi. Getdikcə bu proqram təkmilləşməli idi. Həmin proqramın təqdimetmə mərasimində Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov da iştirak etdi. Bütün alimlər yaratdığım proqrama çox yüksək qiymət verdilər. Mən orada işləyərkən ümid eləyirdim ki, maddi təminatım üçün müxtəlif addımlar atılacaq. Orada çox cüzi məvacib alırdım. Sonralar eşitdim ki, Akademiyanın rəhbəri mənim işimə 35 min dollar ayırıb. Lakin bu vəsait Riyaziyyat İnstitutunda bəziləri tərəfindən mənimsənildi. Mən bu məsələ ilə bağlı Mahmud Kərimova şikayət etdim. O da həmin şəxslərin hamısını yığıb niyə belə etdiklərini soruşdu. Sonra Mahmud Kərimova şikayət etdiyim üçün məni işdən çıxardılar. Lakin Mahmud Kərimov mənim kitablarımın çapına kömək etdi.

- Sonra nə oldu?

- Sonra kompyuter təmiri ilə məşğul olmağa başladım. Bu günə kimi də bu işlə məşğulam. Amma hələlik öz kompyuterim yoxdur. Elə o vaxtdan da yataqxanada yaşayıram.

"Mənim ideyam Eynsteynin nisbilik nəzəriyyəsini təkzib edir"

- Sizin işlərinizlə bağlı Ali Attestasiya Komissiyasında müzakirələrin keçirilməsi necə baş verdi?

- Mənim dilçilik sahəsində orijinal bir fikrim var idi. Bu ideyada dünya dillərinin vahid cədvəli təqdim edilirdi. Bu cədvəl vasitəsi ilə dilin bütün incəliklərini analiz etmək mümkün olurdu. Bu cədvəl təxminən Mendeleyev cədvəlinə bənzəyirdi. Həmin ideya dünyanın 1000-dən artıq internet saytında yerləşdirildi, müzakirə olundu. Mən dilin sistemini tapmışam və nəyə görə bütün dillərdə eyni nitq hissəsinin olduğunu, onların şəkilçilərinin nəyə görə bir-birindən fərqləndiyini müəyyən etmişəm. Sübut etmişəm ki, bütün bunlar hamısı beyinlə əlaqədardır. Bu sistemə əsasən, əvəzlik nitq hissəsi kimi artıqdır. Bütün alimlər, o cümlədən Nizami Cəfərov bu ideya ilə tanış olduqdan sonra ortada nəsə ağlabatan şey olduğunu söylədi. Bundan başqa, fizika sahəsində işıq sürətinin sabitliyi prinsipini şübhə altına alan bir ideyam var. İndiki əsas nəzəriyyələr işığın mühitsiz yayılan versiyasına əsaslanır. Bu isə fizikanı dalana gətirib çıxarır. Mən ortaya dalğa aspektini qoymuşam və işığın hansısa mühitdən asılı olduğunu iddia kimi irəli sürmüşəm. Bu aspektdən yanaşanda, ortaya maraqlı nəticələr çıxır və bir çox problemlər həll edilir. Bu ideya Albert Eynşteynin nisbilik nəzəriyyəsini təkzib edir. Mənim ideyam Rusiya alimləri tərəfindən böyük maraqla qarşılandı və bütün internet saytlarında dərc edildi. Sonra Azərbaycan elmində islahatlarla bağlı layihə hazırlayıb, Nazirlər Kabinetinə göndərdim. Bu layihəyə görə məni İqtisadi İnkişaf Nazirliyinə dəvət etdilər və müzakirələr aparıldı. Həm mənim ideyalarım, həm də onların özlərinin ideyaları ilə birlikdə nazirlikdə aparılan müzakirələrin nəticəsi olaraq dövlət başçısı Azərbaycan elmində islahatların keçirilməsi ilə bağlı fərman verdi. Hamı o vaxta kimi gözləyirdi ki, elm haqqında qanun qəbul olunacaq və problemlərin həlli ondan sonra başlayacaq. Mənim ideyama görə, elmdə aparılacaq islahatlara görə İqtisadi İnkişaf Nazirliyi qabağa düşməli idi. Söhbət intellektual əmtəələrin hərracını yaratmaqdan gedirdi. Yüzlərcə intellekt sahibi var ki, onların məhsulları dünya bazarına çıxa bilmir. Bütün bu işlərimlə bağlı elm adamları, alimlər və ziyalılar müxtəlif ünvanlara müraciətlər edirdilər ki, mənə köməklik göstərilsin. Sonra bir qrup akademik və professor mənimlə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət etdi. Çox qısa vaxtdan sonra Prezident yanında Ali Attestasiya Komissiyasından məni çağırdılar. Dedilər ki, Mehriban xanım Əliyeva bu işi nəzarətə götürüb və məsələnin araşdırılmasını tapşırıb. Onlar məndən indiyə kimi irəli sürdüyüm bütün ideyalarımı istədilər. Mən də onların hamısını komissiyaya təqdim etdim. Ali Attestasiya Komissiyası mənim işlərimi Ekspertlər Şurasına təqdim etdi. Sonra komissiyada bu işlərlə bağlı müzakirələr başladı. Müzakirələrin birinə mənim özümü də dəvət elədilər. Bundan sonra işimi Ali Attestasiya Komissiyasının kollegiya iclasında müzakirə etdilər. Belə qərara gəlindi ki, hüquqi mexanizm yol verməsə də, Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin rəyi ilə ali təhsili olmayan bir şəxs birbaşa müdafiəyə buraxılsın. Onlar müstəsna hal kimi mənim müdafiəyə buraxılmağımı məsləhət gördülər. Bir neçə sahədə işim olduğuna görə mənə sərbəst seçim imkanı verdilər. Dedilər ki, irəli sürdüyüm ideyaların hər biri müdafiə səviyyəsinə cavab verir. Hazırda diplomatik psixologiya sahəsində "İşğalçı dövlətlərə qarşı qeyr-hərbi yollarla mübarizənin forma və metodları" mövzusunda yazdığım dissertasiyanı müdafiəyə hazırlayıram. Burada iqtisadi, ideoloji diversiya metodları rol oynayır. Bu dövlətçilik üçün çox əhəmiyyət kəsb edən məsələdir. Mən istəyirəm ki, Azərbaycanda hərb sahəsində bu metodlardan geniş istifadə edilsin. Mənim mövzum üzrə müzakirələrin qapalı keçirilməsi mümkündür. Bu məsələ dövlət üçün mühüm əhəmiyyət kəsb edə bilər. Yaxın bir aya dissertasiyamı komissiyaya təqdim edəcəyəm.
Oxunub: 288

1 комментарий:

  1. Gördüyünüz kimi Azərbaycanın bu fitri, mən deyərdim, məhz Allahdan gələn bir istedada malik bu zəkalı şəxsiyyət nə deyir: ""İşğalçı dövlətlərə qarşı qeyr-hərbi yollarla mübarizənin forma və metodları" mövzusunda yazdığım dissertasiyanı müdafiəyə hazırlayıram. Burada iqtisadi, ideoloji diversiya metodları rol oynayır. Bu dövlətçilik üçün çox əhəmiyyət kəsb edən məsələdir. Mən istəyirəm ki, Azərbaycanda hərb sahəsində bu metodlardan geniş istifadə edilsin. Mənim mövzum üzrə müzakirələrin qapalı keçirilməsi mümkündür. Bu məsələ dövlət üçün mühüm əhəmiyyət kəsb edə bilər. Yaxın bir aya dissertasiyamı komissiyaya təqdim edəcəyəm". Onu nəyin bahasına olursa olsun müdafiə və mühafizə etmək lazımdır! Mən isə ona - Cabbar Məmmədova Fövqəluca Allahdan kömək diləyirəm! O, ən gözəl qoruyucudur! Həmd olsun Allaha - aləmlərin Fövqəluca Rəbbinə!

    ОтветитьУдалить