Поиск по этому блогу

Мой список блогов

четверг, 8 апреля 2010 г.

YOLDAŞ CƏBRAYILOV

İlhamiyyə RZAYEVA, Həmid HERISÇİ
marakaqol@rambler.ru

25 -12 -2008 . YOLDAŞ CƏBRAYILOV


Kirli küçələri, darısqal dalanlarıyla məşhur olan bizim bu bədbəxt Bakı şəhəri haqda son zamanlar belə bir fikir gəzib dolanır –«bəs, zarafat deyil, şəhərimizin adı, ilk dəfə qədim misirlilərin e. ə. üçüncü minillikdə papirus vərəqləri üzərinə köçürdükləri «Ölülər kitabında» qeyd olunub haa! Ermənilərə deyin özlərini yığışdırsınlar, bizi uşaq-muşaq bilməsinlər! Çox qədim tarixə malik nadir bir xalqıq biz!»
Ərinmədim, gedib tapdım həmin məqalələri, internet saytlarını qatdım bir-birinə, axırda, oralardakı bu cümlələri yaddaşıma köçürdüm: « Bakının adı (Bakxau) ilk dəfə Misir kahinlərinin «Ölülər kitabı»nda çəkilir, misirşünas Flinders Petri bunu xüsusi olaraq qeyd edib»
Düzü, həmin əski misir məxəzində bu ada rast gəlmədim vallah mən. Flinders Petri - 1850-ci illərdə Nil sahillərində araşdırma aparmış britanyalı arxeoloqun, Bakı barədə bunu dediyinə də şübhəylə yanaşıram.
Yaxşı, kimdir bu əfsanəni ölkəmizdə yayan? Hansı məqsədi güdür bu ağ yalanı dövrü mətbuata ötürmüş qara qüvvələr?
Əvvəla, özünüzü gic yerinə qoymayın, qədim misirlilərin bu müqəddəs kitabıynan bircə dəfə tanış olsanız, ağlınız başınıza gələr, utanıb xəcalət çəkərsiz alimlərimizin yerinə. Kitabın məzmunu bunu qətiyyən inkar edir-ölülər dünyasına ruhun səyahətindən bəhs edən həmin əsərdə, gerçək coğrafi ərazilər əsla müzakirə edilmir, ay bisavadlar, birdəfəlik bunu biləsiz!
Mən razı, tutaq ki, lap doğru bildik dediyiniz ağ yalanı, özünüz fikirləşin, məyər, «Ölülər kitabı»nda ölülər şəhəri kimi qeyd olunmaq bizim Bakıya şərəf gətirirmi heç? Aha! Tutdum sizin kirli yaxanızdan, görürəm lap çaşdınız, diliniz topuq çalır, sualımın cavabını verməkdə çətinlik çəkirsiniz deyəsən?!
Ancaq, vallah, fəlsəfi mənada, bəli, dediklərinizdə bir həqiqət var-Cəlilin ölməz(!) «Ölülər» pyesi ilə məyər başlamayırmı teatr sənətimizin bismillahı?
Yeni əsrimizin əzəl mübtədası?
Bəli, qədim Misrin «Ölülər kitabı»na inanımız boş yerdən qaynaqlanmır, elə belə, özbaşına gedib calamayırıq biz Bakının tarixini həmin qorxulu kitaba.
Qədim misirlilərin ölülər dünyasına bizi sıx tellərlə bağlayan əcaib-qəraib qüvvələrin sirri, görünür, tam şəkildə hələ aydın deyildir hər birimizə.
Keçdiyim həyat yoluna bələd olsanız, gecələr yuxuma girən qara kölgələri bircə dəfə görsəniz, bəli, indi, israr etdiklərim, qətiyyən təəccüblü görünməz sizlərə. Bu acı təcrübənin şahidi təkcə elə mən deyiləm axı, yaşadığımız sovet dövrü, qədim misirlilərin «Ölülər kitabı»na köçdükdən sonra, vallah, haqqa qovuşmuş keçmiş xatirələr, bircə an rahat buraxmır, istisnasız olaraq, hər birimizi.
Bəli, inandım dediyiniz müddəaya, Bakının həmin «Ölülər kitabı»na düşmək haqqı, bəli, qətiyyən danılmazdır- Türkiyyə prezidenti Turqut Ozal məyər şəhərimizdən ayrıldıqdan az sonra rəhmətə getmədimi? Məyər Leonid İliç Brejnev, Bakı səfərindən sonra ölüb Kremlin qırmızı kərpicli divarına hörülmədimi? Bəs Roma Papası? Niyə bəs ölümündən öncə o, məhz Bakıya təşrif gətirmişdi görəsən?
Bəlkə, misirlilərin kitabı düz buyurur, Bakı, «ölülər dünyası» astanasında çox vacib bir dayanacaq nöqtəsidir, həə?
Sovet dövrü rəhmətə getdikdən sonra mən bunu necə də aydın hiss etməkdəyəm, ilahi… Köhnə sahibsiz ünvanlar, dağıdılmış kitabxanalar, sökülmüş heykəllər, alçaldılmış Lenin, Marks dünyası-dühası, yadelli işğalçılar tərəfindən xalq mülkiyyətinin keçi qiymətinə mənimsənilməsi…bəli, bütün bunlar bizi cansız kölgələr aləmində azmış qərib ruhlara bənzədir, hərdən lap çaşırıq, ağlımıza minbir əcaib şək-şübhə girir…Misir mumyaları kimi, qapısız sərdəbalara hörüldüyümüzə inanmağa başlayırıq get-gedə…
Artıq söz danışmıram, gəlin girin mənim cildimə- siyasi mühacir ailəsində doğulasan, Pişəvəri inqilabında bütün keçmişini qeyb etmiş bir insanın ömür-gün yoldaşına çevriləsən, Yaxın Şərq kommunist, milli azadlıq hərəkatının bir çox qorxulu sirlərini biləsən, bir də gözünü açıb görəsən ki, marksizm-leninizm xəyanət nəticəsində uduzub… Tanıdığın bütün canlı simalar-dünya kommunist hərəkatının ən saf üzvləri, ucdantutma olaraq, ya öldürülüb, yaxud müəmmalı şəkildə vəfat edib…
Qələmə sarılasan, bildiklərini, sanki, son nəfəsdə, ətrafdakılarına çatdırmağa tələsəsən…
Hə, başqalarını deyə bilmərəm, ancaq mən həqiqətən sanki qədim Misirin (sirrin!) «Ölülər kitabı»na düşərək, yuxumu qarışdırmışam. Gecələr, yataq odamın tavanına zillənirəm-küçə işıqlarının zəif əksi, qədim ruhların kölgələriylə oynaşıb-əlləşir orda, çeşidli şək-şübhələr doğurur fikirlərimdə.

***

Bax beləcə günlərimi keçirir, öz elmi araşdırmalarım üzərində hər gecə baş sındırıram. Özü də bilirəm ki, hər yeni məqaləmdən sonra kimsə tanımadığım birisi, həmin mövzuyla əlaqədar qəfil zəng vuracaq mənə, bilmədiyim bəzi sirləri diqqətimə çatdıracaq. Bir vaxt belə bir şer yazmışdım –«Sən həqiqəti axtarsan, həqiqət də səni axtaracaq». Həmişə belədir, əvvəl özüm axtarıram həqiqəti, sonra əsas iş başlayır- həqiqət, bismillah deyib, keçir məni axtarmağa.
«1978-Təbriz inqilabı» məqaləm çap olduqdan sonra belə bir oyun yenidən təkrarlandı.
Bu dəfə, 1978-ci il Təbriz inqilabı mövzusunda, mən axtardığım həqiqət yoxa çıxdı, həqiqət özü başladı məni axtarmağa.
Əl telefonuma qəfil naməlum ünvandan zəng gəldi. Qulağımda cingildəyən səs, sanki, əvvəlcə qədim Misir (sirr!) sərdabəsi divarlarına çırpılıb, sonra telefonumda əks-səda yaratdı.

QEYBDƏN GƏLƏN SƏS

- Yoldaş Herisçi sizsizmi? «1978-Təbriz üsyanı» məqalənizi oxuyub bəyəndim.Yaxşı olar ki, həmin mövzu ətrafımda bir görüşək. Əlimdə bəzi sənədlər var, onları diqqətinizə çatdırmaq istərdim.
Vədələşdiyimiz yerdə görüşdük. Bəli, əcaib adamıydı o-öz adını çəkmədən bir başqasının ismini diqqətimə çatdırdı:
- Yoldaş Cəbrayılov ismi sizə tanışdırmı heç? - deyə, gözlərini məndən ayırmadı. -1978-ci il Təbriz üsyanıyla əlaqədar sizinçün bəzi fotoşəkillər gətirmişəm. Buyurun baxın, fotodakı bu «ciddi» adam, sizə tanış gəlir bəlkə? Hə, yaddaşınızı silkələyin bir.
Fotodakı «ciddi» simanı görüncə sanki şimşək çaxdı beynimdə-Bu sizsinizmi yoldaş Cəbrayılov? 70-ci illərdə Azərbaycan Kommunist Partiyası Beynəlxalq əlaqələr şöbəsinin müdiri? O, atamla həmişə, Mustafayev adına İncəsənət muzeyi qarşısındakı bağçada görüşərdi. El arasında bu əraziyə «Ölülər bağı» deyirdilər, təsəvvür edin, yolun o tayındakı Qubernator bağında minlərlə adam gəzişir, bu taydakı «Ölülər bağı»na isə, cürət edib kimsə ayaq basmır. Neyçün? «Ölülər bağı» əvvəllər Mircəfərin şəxsi baxçasıydı axı, camaat da ki, görünür istəmirdi ora ayaq basıb qəfildən onun qaniçən ruhunu oyatsın… Atamla yoldaş Cəbrayılov bax bu ölülər dünyasında həmişə görüşər, Yaxın Şərqdəki inqilab dinamikası barədə danışar, yolun o tayındakı dirilər bağına, yəni, əski Qubernator parkına, hərdən ötəri bir nəzərlə baxmağı da unutmazdılar.
Həmin cənab «X»-lə də mən, elə həmin «Ölülər bağı»nda görüşüb ondan dörd ədəd çox nadir, qiymətli fotoşəkil aldım- «1978-Təbriz üsyanı» məqaləmdəki araşdırmaları,bəli, ay atan rəhmətlik, tam mənada təsdiq edirdi bütün bu məxfi sənədlər…
Uşaqlıqda şahidi olduğum, tarix elmi üçün hələ də gizli qalan bəzi siyasi mətləblər, qədim Misirin «Ölülər kitabı» vərəqləri arasından sıçrayıb yaddaşımı yerindən diriltdi.


ƏBƏDİ TROTSKİZM

70-80-ci illər dünya kommunist, sol inqilabı Qərbi Avropadan çox, məhz Yaxın Şərq, Latın Amerikası ərazisində özünü yuva qurmağa başladı-Böyük Oktyabr İnqilabının alovu nəhayət ki, qoca Şərqə qədəm basıb, İranı(ilk növbədə Təbrizi) Türkiyyə, Əfqanistanı, bütün Ərəb dünyası, Cənubi Amerika cəngəlliklərini öz təsiri altına aldı- havadan barıt qoxusu gəlirdi, adını çəkdiyimiz ölkələrdə, hakimiyyətinin sol qüvvələrin ixtiyarına keçməsi, artıq yaxın zamanın işinə çevrilmişdi. Fəqət, tələsməyin, bu, Moskva KQB-sinin gizli əliylə deyil, Şərqi Avropa kommunist rəhbərləri-ilk növbədə Erik Xonekkerin «Ştazi», Nikolai Çauşeskonun «Sekuritate» gizli qurumları vasitəsiylə ilə həyata keçirilirdi.
Sual olunur «Moskva niyə görə bu mühüm coğrafi ərazinidəki inqilab dinamikasını Berlinə, Buxarestə həvalə etmişdi, hə?». İzah edirəm: Əvvəla, Moskva həmişə dünya kommunistlərini səmimi ideoloji mübarizəyə deyil, aqentura işlərinə cəlb edir, son nəticədə öz ideallarına sadiq qalan kommunistlərinin haqlı etirazıyla qarşılaşırdı. 60-cı illərin ilk rübündə əvvəlcə Pekin, sonra isə digər kommunist partiyaları bunu sərt şəkildə Kremlin üzünə çırpırlar-dünya kommunist hərəkatında son dərəcə gərgin vəziyyət yaranır. Bir çox kommunistlər, xüsusən Yaxın Şərq, Asiyada, bəli, rəhbər Maonun tabeçiliyinə keçirlər, Moskva zəhrimar, Əli aşından da məhrum qalır, Vəli aşından da. Kremlə ilk zərbə, İran kommunistlərin «Tudə», o cümlədən Pişəvərinin ADP partiyası tərəfindən vurulur.
Partiya dixilində «almanlar» adlanan dəstə( İyrəc İskəndəri, atam Qafar Kəndli) bir neçə öz üzvünü Firidun Kəşavərz başda olmaqla Pekinə göndərir, sonra Moskvaya elan edirlər: bizim şərtlərimiz belədir-partiya Moskvadan Berlinə köçüb Alman Vahid Sosialist partiyası rəhbərliyinə tabe olur, bu bir. İkincisi, bəli, Kremlin tələbini qəbul edib, Azərbaycan demokratlarıyla İran kommunistlərini birləşdiririk, lakin, siz öz nökərləriniz olan N. Kəyanuri, E. Təbərini rəhbər vəzifədən uzaqlaşdırın. Bu halda biz Moskvanın təlimatlarını qəbul edəcək, əks halda partiyamızı buraxıb onun Pekində yenidən qurulmağına göz yumacağıq.
M. Suslov başda olmaqla Kreml bu şərtlərlə razılaşaraq «Tudə» partiyasının işini Berlinə, alman kommunistlərinə tapşırır.
Tudə rəhbərliyi, o cümlədən rəhmətlik atamın Şərqi Avropa kommunistləri, ilk növbədə Xonekker, Çauşeskoyla sıx təmasları başlayır. Gəlin onların gördüyü bəzi işləri tarixdə ilk dəfə üzə çıxaraq.

***
Pişəvəri öz inqilabı fəaliyyətində həmişə, bəli, Lev Trotskinin stalinizm tərəfindən rədd edilən «permanent inqilab» nəzəriyyəsinə söykənib. Yəni, hər dövrün öz inqalabı var, onu düzgün müəyyənləşdirmək, kommunistik devrimə pilə-pillə yaxınlaşmaq lazımdır. İnqilabı fəaliyyətinə, trotskist komissarlar Blyumkin, F.Raskolnikovun rəhbərliyi altında başlayan Pişəvəri, bu xəttə 1928-ci il partiya daxili diskusiyalarda da sadiq qalır, stalinistlərə, ilk növbədə, Mirzə İbrahimov, Mircəfər Bağırova uduzur, nəticədə Bakıda nəşr edilən «Kommunist» qəzeti baş redaktoru vəzifəsini itirir, sonra, eyni taleyi paylaşdığı Nazım Hikmət, Rixard Zorqe kimi SSRİ-ni tərk edərək Komminternin rəhbərliyi altında xaricdə, İranda öz inqilabçı fəaliyyətini davam etdirir, qazamata düşdüyü səbəbdən, trotskistlərə qarşı yönəlmiş 37-ci il represiyalarından canını qurtarır. Permanent inqilab aşiqi kimi, 1941-ci il İranındakı siyasi durumu düzgün dəyərləndirir- Azərbaycan milli hərəkatını, gələcək kommunist inqilabının birinci pilləsi sayır, onu həyata keçirmək uğrunda, ay dadi-bidad, köhnə düşmənləri Mircəfər, Mirzə İbrahimovla uğursuz sazişə girir…
Bax burda, Azərbaycanın stalinist şimalıyla, trotskist güneyi vahid qüvvə halına gəlməyi bacarmır…
Trotskinin qatilləri, general Sudoplatov başda olmaqla, bu dəfə trotskist Pişəvərini də aradan götürürlər…
Lakin, Pişəvərinin trotskist nəzərriyyəsi ölmür-1960-cı illərdə Azərbaycan, İran sol inqilabçıları, o cümlədən atam Qafar Kəndli, vətənlərindəki siyasi durumu yenə də «permanent inqilab» nəzəriyyəsi çərçivəsində həll edirlər. Həmin nəzəriyyəyə uyğun şəkildə, gələcək İran inqilabı üç pilləli elan edilir-birinci pillə, yəni, İran islam inqilabı ölkəni tərpədib hərəkətə gətirməli, sonra burda burjua-demokratik, lap axırda kommunistik devrim baş verməliydi. Pişəvəri ardıcıllarının bu siyasi lahiyəsi o vaxtlar Moskva tərəfindən deyil, məhz Berlin, Buxarestdə dəyərləndirilib dəstəklənir. Özünə etibarlı müttəfiq qazanmış İ.İskəndəri, Qafar Kəndli hərəkətə keçirlər-İyrəc, Marksın «Kapital» əsərini almancadan farscaya çevirib çap etdirməklə bütün İranda təlatüm yaradır, Qafar Kəndli isə ən çətin işi öz boynuna götürərək Təbriz islamçıları, milli təəsübkeşliyini gizləməyən ayatullah Şəriətmədari ilə məxfi əlaqə qurur. Sol təfəkkürlü ayatullah Taleqani də yaddan çıxmır. Pişəvəri, Təqi Erani ardıcılları onlardan Siqətül-İslam, Xiyabani mirasına sahib çıxmalarını xahiş edirlər.

«TRAKTORSAZİ» ƏMƏLİYYATI

İran kommunistləriylə növbəti görüşü zamanı N.Çauşesku onları şəhər kənarındakı qədim qəsrə dəvət edir.
Həyətdəki nəhəng qoz ağacının dibində bir dəstə hind quşu gəzişir, qozaların nə vaxt qopub yerə düşəcəyi nadir anı səbirsizliklə gözləyirlər. Nahar zamanı Çauşesku bu mənzərəni qonaqlarına göstərib:
-Hindquşları bu qoz ağacını güdür, biz isə elə həmin quşları. Payına beş qoza düşmüş hind quşunun çəkisi sonra xeyli artır. Həmin quşu vaxtında gözaltı etmək hər iyidin işi deyil, - sözlərini deyir. – Əsl rumun həmin quşu seçir, güdür, itirmir, sonra öz qonaqlarının süfrəsinə göndərir. Lakin, o rumun iyidini güdən bir başqa qüvvə də var ki, orda bütün bu halqa qapanır. Bu, rumın qızıdır, o, həmin hindquşunun boğazını üzən iyidi seçir, güdür, itirmir.- Çauşesku azca gülümsəyib keçir əsas mətləbə:
-Alman yoldaşlarımız sizə siyasi baxımdan dəstək verir, lakin bu azdı, gərək İranda böyük bir saneyə mərkəzi inşa edək, inqilabi proletariatı məhz orda yetişdirək, mən şahın saqqızını oğurlamışam, İranda nəhəng traktorqayırma karxanası tikməyə boynum olmuşam. Deyin, İranın hansı bölgəsi inqilabi ənənələrlə zəngindir, biz də karxananı orda inşa edək, yerli proletariat sinfini təşəkkül etdirib İranda inqilaba başlayaq.
İran inqilabçıları üzərinə çökmüş dərin sükutu ilk olaraq Q.Kəndli pozur:
-Traktorqayırma karxanasını Təbrizdə inşa etmək lap düzgün olar, əvvəla, bura İranın inqilab yuvasıdır, ikincisi Təbriz insanı peşəkardır, texnikaya digərlərindən tez yiyələnəcək, Azərbaycan isə İranın əsas kənd təsərrüfatı bölgəsidir, traktor kəndə gəlsə, bütün Azərbaycan kəndliləri şəhər proletariatına qoşulacaq, fəhləylə kəndlilərin vahid cəbhəsi yaranacaq.
Tezliklə bütün bunlar həyata keçirilir, Rumınyanın dəstəyi ilə Təbrizdə nəhəng «Traktorsazi» karxanası tikilib 50 min (!) fəhləni işlə təmin edir. İran islam inqilabı da elə ordanca başlayır 1978-ci ildə.
Çauşesku yanılmır.
Bu karxanada təşkilatlanmış Təbriz proletariatı indi də mübarizənin ön sıralarındadır- «Traktorsazi» futbol komandasının hər qələbəsi Təbrizdə görünməmiş nümayişlərlə davam edir, «Azərbaycan oyaqdı, inqilaba dayaqdı!» kimi şüarların ardı-arası kəsilmir.
Həmin mənzərələrə baxdıqca, xatirəmdə, Nikolai Çauşesku, Erik Xonekker, İskəndəri, yoldaş Kəndli kimi əyilməz inqilabçıların siması canlanır. Bəsdir Amerika təbliğatına uyduğunuz, bəsdir, Çauşesku, Xonekkerə qara yaxdığınız. Tam həqiqəti bilsəz əməllərinizə görə utanarsız.

***
Rus tədqiqatçısı Artur Baqirovun dövrü mətbuatda çap olunmuş «Çauşesku nəyə görə öldürüldü?» məqaləsini götürüb oxuyun, vəssəlam, son dövr dünya tarixinə tamam başqa gözlə baxmalı olacaqsız. Çauşesku ilə Xonekkerin Moskvayla gərgin əlaqələri 80-ci illərdə vurub çıxır kəlləçarxa-hər iki əyilməz kommunist, Moskvanın revizionist siyasətinə qarşı çıxaraq Çin, Vyetnam, Albaniya, Nikaraqua, Kuba, Şimali Koreya, hətta Liviya, İran kimi qeyri-kommunist ölkələriylə əlaqə qurub Kreml qarşısına sərt tələb qoyurlar-«niyə,1969-cu ildən üzübəri, dünya kommunist partiyalarının müşavirəsi çağrılmır? Kremlin Vaşinqtonla iş birliyi qorxulu həddə çatıb, bizə aydın cavab verin-siz beynəlxalq kommunist hərəkatını imperializmə peşkeşmi etmək niyyətindəsiz?» Artur Baqirov siyahıya Liviya, İran kimi ölkələrin necə düşdüyünə lazımı diqqət ayırsa, tədqiqatlarında daha da dərinə gedər, zəmanənin bir çox sirlərinə aydınlıq gətirərdi. Deyəsən bunu biz etmək cürəti bizim boynumuza düşür indi.
Yuxarıda qeyd etdiyimiz kimi, 70-80-ci illərdə kommunizm alovunun Latın Amerikası, Yaxın Şərq ölkələrində yayılması, Çauşeskunun «Sekuritate», Xonekkerin «Ştazi» xüsusi xidmət mərkəzlərinin ciddi, imanlı fəaliyyəti ilə bağlı olub. Xüsusən İran islam inqilabi, Liviya lideri Müəmmar Qəddafi, Fələstin mücahidi Yasir Ərafatın uğurlarını məhz bu təşkilatların ayağına yazmaq lazımdır. İran islam inqilabının gözlənilmədən qələbə çalmağı həmin vaxtlar Moskvanı əməlli-başı çaşdırır, Kreml dərk edir ki, Xonekkerlə Çauşesku artıq müstəqil hərəkət etməyə başlayıblar. Oktyabr inqilabının çarizm üzərində qələbəsi bütün Qərb dünyasını sarsıtdığı kimi, İrandakı islam devrimi də bütün Şərqi sarsıdır. İslamla kommunizmin tandemi nəhəng silaha çevrilib bütün Orta Şərqi öz təsiri altına alır. İranın sol partiyaları-«Tudə», «Fədayane-xəlq», «Mücahiddine-xəlq»in bu sahədəki zəngin təcrübəsi digər müsəlman kommunist partiyalarını da düşündürür, «permanent inqilab» nəzəriyyəsinə əsasən «islam inqilabı» gələcək kommunist devriminin ilk pilləsi kimi qavranır.
Hə, bax bu həlledici anda Moskvayla Vaşinqtonun gizli işbirliyi bütün bunlara öz əks zərbəsini endirir. Orta Şərqdəki kommunist hərəkəti, Moskvayla Vaşinqton arasında siyasi alver mövzusuna çevrilir. Polşa «Solidarnost» hərəkatı, Türkiyyə sol qüvvələri, İran kommunistləri həmin sazişin qurbanlarına çevrilirlər. Əvvəlcə, zərbə «Tudə» rəhbərliyinə dəyir, atamla İyrəc İskəndəri istefaya göndərilir, partiya rəhbərliyinə adına «ruslar» deyilən dəstənin nümayəndələri-Nurəddin Kəyanuri ilə Ehsan Təbəri gətirilir.
Mənə təqdim edilmiş şəkilə diqqətlə baxın-Heydər Əliyevlə üzbəüz oturmuş şəxs elə həmin Kəyanuridir. Sonradan, 1982-83-cü illərdə o, KQB aqentləri Şabarşin, Kuziçkin ilə birlikdə bütün partiyanı götürüb Britaniya kəşfiyyatına satacaq. Partiya fəallarının uzun siyahısı İmam Xomeyniyə ötürülüncə 1983-cü ilin fevralında, Tehranda tuthatut başlayacaq-minlərlə saf kommunist elə yerindəcə güllələnəcək, on minlərlə digərləri vətəni tərk edəcək, Kəyanuri, Təbəri İran teleekranlarına çıxıb, SSRİ-yə cəsusluq etdiklərini boyunlarına alacaq, ən vacibi-gizli silah ambarlarının dəqiq yeri aşkarlanacaq. Partiya rəhbərlərindən yalnız Hodayi, Mehriqan, Pərtoi, Kəyanuri bu ambarlar barədə məlumata malik idilər. Kəyanuridən başqa onların hamısı susdu, o isə…
Hə, bax bu xəyanətkarı Kreml, 1978-ci ildən bəri var gücüylə hakimiyyətə gətirmək, İskəndəri-Kəndli qrupunu onun tərəfdarlarıyla əvəzləmək istəyirdi. Elmira Axundovanın çox dəyərli «Heydər Əliyev. Şəxsiyyət və zaman» kitabında bu həyəcanlı prosesi əks etdirən bir sıra məxfi sənədlərlə tanış olsanız, başımıza gələn fəlakətin məhz Kremldən qaynaqlandığına bir daha əmin olarsız. Sonrakı facəli hadisələri yada salan Elmira Axundova düz qeyd edir -bəli, İskəndəri, ADP rəhbərliyi haqlıydı, Kəyanuriyə bel bağlamaq fəlakətin başlanğıcı oldu, Yaxın Şərqin ən nəhəng, qalib kommunist partiyası bircə an içində süquta uğradı.
E. Axundova bir vacib qeyd də edir öz araşdırmalarına-sonralar H. Əliyev bütün bunlara görə daim inanılmaz mənəvi əzablar çəkdi. Ancaq neynək, bu Moskvanın əmriydi…

***

Azərbaycan Demokrat Partiyası rəhbərliyi, sənədlərdən göründüyü kimi, Kəyanurini qətiyyən qəbul etmirdi. 1979-cu ilin yanvarında Heydər Əliyev aldığı siyasi əmri yerinə yetirməkdən ötrü dörd dəfə (!) Daneşyan, Lahuridi başda olmaqla ADP rəhbərliyi ilə görüşür. Danışıqlara fikir verin:
Q.Daneşyan: Alman yoldaşlarımız əvvəllər Kəyanuriyə inansalar da, indi fikirlərini dəyişiblər.
H.Əliyev: Səhv məlumatdır. Almaniya Vahid Sosialist Partiyası Kəyanurinin işini müsbət dəyərləndirir. Bizi bu barədə bir daha məlumatlandırıblar.

Gördüyümüz kimi, Daneşyan, Berlinə tabe olan bir partiya rəhbəri kimi, Əliyevə incə eyham vurur-«biz almanlara tabeyik, onların əmrini yerinə yetirərək Kəyanurini rədd edirik». Görüşlərin dörd dəfə keçirilməsi göstərir ki, Erik Xonekker Moskva əlaltısını qəbul etməyərək hər dəfə buna qarşı qəti etiraz göstərirmiş…

Kommunizm ideallarının son dəfə imperializmə təslim edilməsi, gördüyümüz kimi, əvvəlcə, Türkiyyə, İran, İrak, Suriya cəbhəsində başlayır, «Ştazi», «Sekuritate»nin bütün möhtəşəm fəaliyyəti tapşırılır KQB-yə, onlar da ki, bir-iki il sonra bütün yerli kommunistləri əks-inqilaba satırlar. Sonra, növbə çatır Xonekkerlə Çauşeskoya. Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Şərqi Avropa şöbəsi rəhbəri Milton Borden, KQB agentləri ilə birgə, onları 1989-cu ildə məhv edirlər-Çauşesku həbs edilir, işkəncə altında öldürülür, Xonekker isə öz əcəli ilə ölməyi bacarır. Eşitdiyimi görə onlardan ilk olaraq Yaxın Şərqdə qurduqları nəhəng siyasi şəbəkənin xəritəsini istəyirdilər…Belə bir fikir var ki, ölümündən az əvvəl İrana səfər etmiş Çauşesko bu sənədi iranlılara vəsiyyət edibmiş…
Sonra, Kreml özü süqut etdi.

VİDALAŞMA

Cənab «X» o təlatümlü günlərin ruhunu özündə gəzdirən fotoları mənə verincə:
-Yoldaş Cəbrayılov şəkilləri sizə vəsiyyət edib, -deyə astadan pıçıldadı.
-Nə zaman o dünyasını dəyişdi?-həyəcanımı gizləyəmmədim.
-Elə həmin 1979-cu ilin avqustunda İrandan həyəcanlı xəbərlər gəlincə o, xeyli əsəbləşdi, bildi ki, nə qədər böyük facilər irəlidə biz kommunistləri gözləyir. Tez, getdi Berlinə , iranlılar, almanlarla söhbətdən sonra infarkt keçirdi. Berlində olubsunuz atanızla yəqin ki. Orda, şəhər kənarında, «Bux» adlı yerdə məşhur tibb klinikası var, xalq arasında ona «Xonekkerin klinikası» deyirlər. Bir çox inqilabçılar ölüb orda, Luis Korvalan plastik əməliyyata keçirib onun divarları arasında. İyrəc İskəndəri də 1985-ci ilin 20 iyununda orda vəfat etdi. Elə yoldaş Cəbrayılov da orda dünyasını dəyişib.
Fotodakı yoldaş Cəbrayılova xeyli baxdım. Başımı qaldırarkən cənab «X» artıq yanımda yoxuydu.
Bəli, siz, yoldaş Cəbrayılov, İran inqilabıyla əlaqədar başlayan saysız müəmmalı ölümlərin uzun siyahısında birinci oldunuz.
Allah, sizə rəhmət etsin. Yaşasın Lenin! Yaşasın Böyük Oktyabr İnqilabı! Yaşasın İranda həlak olmuş minlərlə silahdaşlarımız…
Amin…




Oxunub: 695 dəfə.

Комментариев нет:

Отправить комментарий