Поиск по этому блогу

Мой список блогов

пятница, 28 января 2011 г.

MÜQƏDDƏS QURAN TƏFSİRİ (DAVAMI)



BƏQƏRƏ 
SURƏSİNİN
ARDI



             
        
(11) “Onlara: “Yer üzündə (küfr və günah işlədərək, möminləri aldadaraq) fəsad törətməyin!”-dedikdə: “Bizim işimiz ancaq yaxşılıq etməkdir”, - deyə cavab verirlər”.

Münafiqlər müxtəlif günahlar törədirlər, mömin­lərin sirrini onların düşmənlərinə açıb söyləyir və kafirlərlə dostluq edirlər. Onlara, yer üzündə fəsad yaymalarının vasitəsi olan küfr və günah işlətməmələri barə­də xəbərdarlıq etdikdə isə, onlar ancaq xeyirxah işlər gördüklərini bildirirlər. Onlar yer üzündə təkcə fəsad yaymır, həmçinin özlərini elə göstərirlər ki, sanki öz hərəkətləri ilə qayda-qanun yaradırlar. Onlar həqi­qəti təhrif etməyə cəhd edirlər və əxlaqsız cinayətlər edərək bu əməlləri­nin doğru olduğunu düşünürlər. Onlar günah sahiblərindən daha ağır cinayətlər törədirlər, çünki günahkarlar öz etdikləri yaramazlıqların qada­ğan olunduğunu etiraf edirlər ki, bu da onların sonradan xilas olması və hidayət yoluna qayıtmasını asanlaşdırır.
                   

(12) “Bilin ki, onlar fəsad törədəndirlər, lakin (bunu) dərk etmirlər”.

Münafiqlər təkcə özlərini xeyirxah hesab etdiklərinə görə, mömin­lərin əməllərini xeyirli və düzgün  saymırlar. Allah onların iddialarını tək­zib edir və xəbər verir ki, əsil həqiqətdə mürtədliyi yayanlar onlar özlə­ridir. Allahın ayələrini inkar edənlərdən, insanlara Onun yolu ilə getməyə mane olanlardan, Allahı və Onun sevimli qullarını aldatmağa cəhd edən­lərdən, Allaha və Onun Elçisinə (s.ə.s.) qarşı döyüşənlərlə dostluq edərək, bu əməllərini saleh əməllər zənn edən­lərdən daha böyük günahkar, ümumiyyətlə, kim ola bilər? Bundan da böyük şərəfsizlik ola bilərmi?!
Lakin münafiqlər onlara fayda verə bilən elmə malik deyillər. Onların əldə etdiyi biliklər, öz nadanlıq­ları üzündən, onları Allah qarşı­sında bəraət qazanmaq imkanından da məhrum etmişdir. Onların törət­dik­ləri əməlləri isə yer üzündə fitnə-fəsad yayır, çünki bu günahlarına görə bəlalar baş verir, onlar taxıllara, meyvələrə, ağaclara və başqa bit­kilərə zi­yan vurur. Yer üzündə qayda-qanun yaradılması ancaq Allaha itaət etmək və Ona iman gətirmək sayəsində mümkündür. Məhz buna görə Allah məxluqları yaratmış, onları yer üzündə yerləşdirmiş və fasiləsiz olaraq onlara ərzaq və digər nemətlər göndərir ki, insanlar onlardan fayda­lanaraq Allaha itaət və ibadət etsinlər. Lakin insan bu nemətləri təyinatı üzrə isti­fadə etmədikdə, yer üzündə fitnə və şərəfsizlik yayır və bu nemətlərin təmin etmək məqsədilə yönəldildiyi itaəti və ibadəti puç edir.

                            ﮰﮱ                     

(13) “Onlara: ”Başqaları (mühacir və ənsar) iman gətirdikləri kimi siz də iman gətirin!” –deyildiyi zaman (öz aralarında): “Biz də səfehlər (ağılsızlar) kimi iman gətirək?” -deyə cavab verirlər. (Ey möminlər!) Agah olun ki, səfeh onların özləridir, lakin (bunu) bilmirlər”.

Münafiqlərə, təkcə sözdə deyil, mömin səhabə­lərin iman gətir­dik­ləri kimi, qəlbən iman gətirməyi təklif etdikdə, onlar öz pozğun ehtimal­la­rına əsasla­naraq deyirlər: “Doğrudanmı biz də səfehlərin və düşüncəsiz­lərin iman gətirdiyi kimi iman gətirək?” Allah onları rüsvay etsin! Bu şərəfsizlər elə zənn edirlər ki, səhabələri məhz axmaq olmaları və düşün­cə­sizlikləri Allaha iman gətirməyə, vətənini tərk etməyə və kafirlərlə düşmənçiliyə vadar etmişdir. Onlar belə hesab edirlər ki, sağlam düşüncə başqa yol seçməyi tələb edir və bu da onları məcbur edir ki, səhabələri səfeh, özlərini isə müdrik saysınlar.
Lakin Uca Allah onların iddialarını təkzib edərək bildirmişdir ki, məhz münafiqlər özləri əsil səfehlərdir, çünki bir şeyin xeyir gətirdiyini bilməmək və zərərli olanı yerinə yetirmək həqiqi axmaqlıqdır. Bax bu xüsu­siyyət elə tam mənası ilə münafiqlərə xasdır. Eyni zamanda ağıllı, tədbirli olmaq – xeyir gətirən bir şeyi bilməkdən, ancaq faydalı işləri gör­mə­yə can atmaqdan və zərər vura biləcək hər şeydən çəkinməkdən iba­rətdir. Səhabələri və möminləri isə ancaq belə keyfiyyətlərlə səciyyələn­dirmək olar. Adamların əsassız dedikləri sözləri və mənasız çıxışları elə də vacib deyil. Ən zəruri olan – onların hansı keyfiyyətlərə və dəlillərə malik olmalarıdır.
                                         

(14) “Onlar möminlərlə qarşılaşdıqları zaman: “Biz də (sizin kimi) iman gətirdik”,-deyirlər. Halbuki öz şeytanları ilə (onları aldadan dostları ilə) təkbətək qalanda: “Biz də sizinləyik, biz ancaq (möminlərə) istehza edirik”,-deyirlər”.

Münafiqlər dilləri ilə dedikləri sözlərə heç özləri də ürəkdən inan­mırlar. Səhabələrin arasında olduqda onlar özlərini müsəlman kimi qələ­mə verməyə səy göstərir və özlərini elə aparırlar ki, guya onların yolu ilə gedirlər. Amma onlar kafirlərin başçıları olan öz şeytanları ilə təklikdə qaldıqda, o saat deyirlər: “Biz sizin baxışlarınızı eynilə qəbul edirik, amma özümüzü elə aparırıq ki, sanki İslama daxil olmuşuq. Bunu onları ələ salmaq üçün edirik”. Münafiqlər öz şeytanları qarşısında əsil sifətlərini açıb göstərirlər.
                

(15) “(Belə əməllərin müqabilində) Allah da onlara (dünya va axirətdə) istehza edər və (dünyada) onlara o qədər möhlət verər ki, öz zəlalətləri icində şaşqın (və sərgərdan) qalarlar. (Və ya: Allah da onlara istehza edər və onları öz zəlalətləri, tüğyanları içində saxlayar)”.

Zalımcasına edilən hiyləgərlik ancaq buna layiq olana zərər gətirər. Münafiqlər möminləri ələ salırlarsa, Allah bunun əvəzində onların özünü gülünc vəziyyətə salır. Allah bu dünyada onların bəd əməllərini onların özü üçün bəzəkli göstərir. O, möminlərə onları cəzalandırmaq üçün imkan vermir və onlar da elə zənn edirlər ki, həmişə möminlərlə birlikdə olacaq­lar. O, onların zalımlıqlarını çoxaldır və onları şərəfsizliyin və imansızlı­ğın burulğanında kor-koranə dolaşmağa məhkum edir. Qiyamət günü başlandıqda isə Allah onlara işıq bəxş edəcək. Amma möminlərin işığı onların yolunu axıradək nurlandıracağı halda, münafiqlərin işığı sönəcək­dir və onlar, yolun bir hissəsini aydınlıqla gedib sonradan qaranlıqlar içində qaldıqlarına görə olmazın əzabını çəkəcəklər. Hədsiz ümid bəslə­dikdən sonra, onu itirib məyus  qalmaqdan pis daha  nə ola bilər?
Uca Allah buyurur: “O gün münafiq kişi və qadınlar iman gətirənlərə: “(Bizi bir az) gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” – deyə­cəklər. (Onlara istehza ilə) belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” (Bu sözlərdən sonra) onların (möminlərlə münafiqlərin) arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir. (Münafiqlər divarın içəri tərəfində olan möminləri) səsləyib deyəcəklər: “Məgər biz (dünyada) sizinlə birlikdə deyildikmi?!” (Möminlər) belə cavab verəcəklər: “Bəli (bizimlə bir­likdə idiniz). Lakin siz özünüzü (nifaqla, ikiüzlülüklə) fitnəyə saldınız (fitnəyə salıb məhvə düçar etdiniz), siz (möminlərin başına bir fəlakət gəlməsini) gözləyirdiniz və (Allahın birliyinə, Muhəmməd əleyhis­salamın peyğəmbərliyinin həqiqiliyinə) şəkk edirdiniz. Allahın əmri (ölümünüz) gəlib çatanadək sizi xam xəyallar (tamah) aldatdı. Sizi Allah barəsində (Allah rəhmlidir, bütün günahlarınızdan keçər, sizə heç bir cəza verməz deyə) o tovlayan (Şeytan) tovladı! (Ey münafiq­lər!) Bu gün artıq nə sizdən, nə də kafirlərdən (günahlarınızın bağış­lanması üçün) heç bir fidyə qəbul olunmaz. Məskəniniz Cəhənnəm­dir. Sizə yaraşan odur. Ora necə də pis sığınacaqdır!” (Hədid, 57/13-15).
                           ﯿ  

(16) “Onlar doğru yol əvəzində əyri yolu satın almış kəslərdir. Onların alveri xeyir getirmədi və haqq yolu da tapmadılar”.

Uca Allah münafiqləri olduğu kimi gerçək səciyyələndirərək bildi­rir ki, onlar əsil rəhbərliyin yerinə azğınlıq əldə edir və qazanc gətirməyən ticarətə girişirlər. Onlar azğınlıq içində elə ibadət etmək istəyirlər ki, bu, bir malı almaq üçün çoxlu pul verməyə hazır olan alıcının arzusuna bənzəyir. Bu Quran müqayisəsi – müqayisələrin ən yaxşısından və ən gö­zəl­lərindən biridir. Allah ən böyük şəri – azğınlığı – malla, ən böyük xe­yir­xahlığı – doğru rəhbərliyi – mal üçün ödənilən qiymətlə müqayisə edir. Münafiqlər doğru rəhbərliyə etinasız yanaşaraq, azğınlığı ondan üstün tuturlar. Budur onların bağladığı saziş! Onların malik olduğu sifətlər bunlardır və onların bu sifətləri necə də çirkindir!
Əgər dinarı dirhəmə dəyişən adam ziyana uğrayırsa, onda qiymətli daş-qaşı dirhəmə mübadilə edən haqqında daha nə demək olar?! Bəs onda, öz xoşbəxtliyindən əl çəkib, bədbəxtliyə üstünlük verərək, gözəl nəsibinə etinasızlıq göstərib, zavallılığa can atan - həqiqi rəhbərliyi azğınlığa dəy­iş­­dirən adam haqqında nə demək olar?! Belə bir ticarət, əlbəttə ki, ziyan gətirər və bu ziyan ən böyük və ən dəhşətli ziyandır. Uca Allah buyurur: “...Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) qiyamət günü özlərini və ailələrini (özlərinə bağlı olanları) ziyana uğradanlardır. Bax, açıq-aşkar ziyan budur!”(Zumər, 39/15).

Sonra isə Uca Allah bir də vurğulayır ki, münafiqlər doğru yolla getmirlər. Bu onu göstərir ki, onlar yolundan azmış günahkarlardır və doğru rəhbərliyə qətiyyən əhəmiyyət vermirlər. Münafiqləri beləcə çox çirkin xüsusiyyətlərlə səciyyələndirərək, Uca Allah onların barəsində bir ibrətamiz hekayət buyurur.
                                        

(17) “Onların (münafiqlərin) halı (qaranlıq gecədə) od yan­dıran şəxsin halına bənzər. Od (yanıb) ətrafındakıları işıqlandırdığı zaman Allah onların işıgını keçirər və özlərini zülmət içərisində qoyar, (artıq heç nə) görməzlər”.

Bu ibrətamiz məsəl onların vəziyyətinə tamamilə uyğundur, çünki münafiqlər, həqiqətən də, qatı qaranlığı işıqlandırmaq üçün ocaq qalayan adama bənzəyirlər. Belə bir adam oda bərk ehtiyac duyaraq, əli altında hər hansı bir vəsaiti olmadığından, onu başqalarından əldə etməyi bacarır. Alov onun ətrafını işıqlandırdıqda, o, təhlükənin haradan gəldiyini və ha­rada təhlükəsizlik şəraitində daldalanmaq mümkün olduğunu görür. Od ona böyük fayda verir və onu çox sevindirir. O, hətta onu qorumaq haq­qında fikirləşir. Lakin Allah onu bu işıqdan və sevincdən məhrum edir. O  yenə də qatı zülmət içində qalır və barmaqları yandıran kösövlərdən başqa yanında heç nəyi olmur. Onlar artıq ətrafı işıqlandırmaq gücünə malik deyil, amma barmaqları bərk qarsalaya və zərər vura bilər. O insan artıq bir neçə zülmətin əhatəsindədir. Gecənin qaranlığı buludların qaranlığına, yağışın qaranlığına və ocaq sönəndən sonra yaranan qaranlığa qarışmışdır. Bu insanın vəziyyətini necə səciyyələndirmək olar? Münafiqlərin vəziy­yəti də məhz belədir, onlar öz yollarını möminlərin sayəsində işıqlan­dırırlar, çünki özləri bu keyfiyyətə malik deyillər. Əldə etdikləri işıq bir müddət onların yolunu işıqlandırır və onlar bundan bir qədər faydalanır­lar, özlərini saxlayır və mal-mülklərini qoruyurlar. Bu dünya həyatında təhlükəsizliklərinə müəyyən qədər zəmanət əldə edirlər. Lakin ölüm göz­lənilmədən onların başlarının üstünü alır və onları başqasının işığı hesa­bına yaşamaq imkanından məhrum edir. Qəm və kədər onları çulğayır və onlar ən şiddətli cəzaya məruz qalırlar. Qəbirlərinin zülməti imansız­lıqlarının, münafiqliklərinin və hər cür günahlarının zülmətindən daha da qatılaşır. Bütün bunlardan sonra onları Qaynar Məhşərin zülməti gözləyir. Ora necə də çirkin və mənfurdur!
              

(18) “Onlar kar, lal və kordurlar (haqqı eşitməz, danışmaz və görməzlər). Buna görə də (öz pis adətlərindən, yaramaz əməllərindən) dönməzlər”.

Münafiqlər xeyir gətirən nə varsa, onu eşitməzlər, onun haqqında danışılanda, susarlar və haqqa münasibətdə özlərini kor kimi apararlar. Doğru yola qayıtmaq onlara qismət olmayacaqdır, çünki onlar həqiqəti dərk etdikdən sonra, ondan üz çevirdilər. Onlar, nadanlıqları və ya yanıl­dıq­larına görə həqiqətdən üz çevirənlərdən fərqlənirlər. Belələri nə etdik­lərini başa düşmürlər və doğru yola qayıtmaq ehtimalları daha çoxdur.

                                           ﭹﭺ         

(19) “Yaxud (o münafiqlər) qaranlıqlarda göy gurultusu və şimşəklə səmadan şiddətlə yağan yağışa düşmüş kimsələrə bənzərlər ki, ildırımın səsindən ölmək qorxusu ilə barmaqlarını qulaqlarına tıxayarlar. Halbuki Allah kafirləri (Öz elmi, qüdrəti ilə) ehtiva edən­dir (Onun əlindən əsla qaçıb qurtara bilməzlər)”.

ﭿ         ﮂﮃ                  ﮌﮍ               ﮓﮔ                              

(20) “İldırımın çaxması az qalır ki, onların gözlərinin işığını alsın (onları kor etsin). (Şimşək) onlara işıq verdiyi zaman (onun şü­ası ilə) yeriyirlər, üzərlərinə qaranlıq çökdükdə isə (olduqları yer­də) dayanıb dururlar. Əgər Allah istəsəydi, onların qulaqlarını və gözlə­rini əllərindən alardı. Həqiqətən, Allah hər şeyə qadirdir”.

Uca Allah münafiqi, leysan yağışın altına düşmüş və o saat bir neçə tərəfdən qaranlığa - gecənin, buludların və yağışın qaranlıqlarına bürün­müş insanla müqayisə edir. O, göy gurultusunu eşidir və ildırımların göz­qamaşdırıcı parıltısını görür və onların işığı qatı qaranlıqda getməyə ona imkan yaradır. Lakin səmada ildırımların çaxması səngiyən kimi, o, da­yanır və yoluna davam edə bilmir. Münafiqlər də eynilə belə bir vəziy­yətdədirlər. Onlar Quran ayələrini, hökmlərini və qadağalarını, vədlərini və təhdidlərini eşitdikdə barmaqlarını qulaqlarına tıxayıb bu hökmlərdən və qadağalardan, xeyirli vədlərdən və ciddi təhdidlərdən üz çevirirlər. Quranın təhdidləri onların canına qorxu salır, vədləri isə onları narahat edir və buna görə də hər vasitə ilə onlardan üz çevirməyə çalışırlar. Güclü leysan yağışına düşən adam üçün göy gurultusu necə nifrət doğurursa, müdrik ayələr də münafiqlər üçün eynilə nifrətamizdir. Adi bir insan ölüm qorxusunu hiss edərək qulaqlarını barmaqları ilə tıxayır və onun xilas olmaq ehtimalı vardır.
Lakin münafiqlərin belə bir imkanı yoxdur, çünki Uca Allah Öz Qüdrəti və Elmi ilə onları hər tərəfdən əhatə edir. Onların Ondan qaçmaq imkanı yoxdur. Belə ki, Allah onların hər bir hərəkətini yadda saxlayır və buna görə, onlar etdiklərinin əvəzini bütövlüklə alacaqlar. Münafiqlər mənəvi karlığa, lallığa və korluğa tutulmuşlar. Onların qarşısında doğru dinə aparan yollar bağlanmışdır. Əgər Allah istəsəydi onları fiziki eşitmə və görmə qabiliyyətindən də məhrum edərdi. Bu kimi sözlərlə Allah münafiqləri qorxudur və onları elə dünyada cəzalandıracağı barədə xəbər­dar edir. Qoy onlar bu cəzadan qorxsunlar və heç olmazsa, qismən də olsa öz yaramazlıqlarından və ikiüzlülüklərindən əl çəksinlər və bilsinlər ki, Allah bütün varlıqların hökmdarıdır və Onun üçün mümkün olmayan heç bir şey yoxdur. Əgər O, Öz nəzərində tutduğunu həyata keçirmək istəsə, kimsə Onun qarşısını ala bilməz və Ona müqavimət göstərə bilməz.
Bu və digər buna oxşar ayələr, insanın əməllərinin Uca Allahın iradəsindən asılı olmadığını iddia edən qədəriyyəçilərin baxışlarını təkzib edir. İnsanın əməlləri də əsil varlıqlardır və Uca Allah istisnasız bütün varlıqların Hökmdarıdır.
                        
(21) “Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız! (Allahdan qorxub pis əməllərdən çəkinəsiniz!)”.

Bu hökm geniş mənada bütün insanlara aiddir. Onlara ibadət məra­simlərinin hamısını Allaha həsr etmək, Onun hökmlərini yerinə yetirmək, Onun qadağanlarından çəkinmək və Onun bütün ilahi hekayətlərinin doğruluğunu qəbul etmək əmr olunur. Allah insanlara buyurur ki, onları hansı məqsəd üçün yaratmışsa, onu həyata keçirsinlər. Uca Alla buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariat, 51/56).
Ey insanlar! Siz təkcə bir olan Allaha ibadət etməlisiniz, çünki O, sizə saysız-hesabsız nemətlər bəxş edən Rəbbinizdir. O, sizi yoxluqdan xəlq etmiş və əvvəlki insanların nəsillərini də yaratmışdır. O, sizə gör­düyünüz və görə bilmədiyiniz nemətlər vermiş və rahatlıqla yaşadığınız yeri sizin üçün döşəmişdir. Siz ondan, üzərində binalar tikməklə, kənd təsərrüfatı ilə məşğul olmaqla, bir yerdən başqa bir yerə köçməklə və yaxud başqa faydalı fəaliyyətlə məşğul olmaqla xeyir götürürsünüz. Allah göyü evlərinizin damı etmiş və orada Günəşi, Ayı, ulduzları və digər səma cisimlərini yaratmışdır ki, onlarsız sizin yaşayışınız mümkün olmazdı. Əgər Allaha ibadət etməyə başlasanız, hökmən təqva sahibi olarsınız.
Belə bir rəy mövcuddur ki, bu ifadənin mənasına görə, insanlar bir olan Allaha ibadət etməyə başlasalar Allahın qəzəbindən və cəzalarından xilas ola bilərlər, çünki bu halda seçdikləri yol onları belə aqibətdən qoruyar. Başqa bir rəyə görə isə, bu o deməkdir ki, əgər insanlar Allaha ibadət etsələr, onlar möminlərin cərgəsinə düşərlər ki, onların sifətlərin­dən biri də təqva – Allahdan qorxmaqdır. Hər iki şərh doğrudur və bir-biriləri ilə sıx bağlıdır. Allaha layiqincə ibadət edən hər kəs təqvalı mömindir. Hər bir təqva sahibi olan dindar isə Allahın cəzasından və qəzəbindən mütləq xilas olar. Bu, Allahın Elçisinin (s.ə.s.) və onun təliminin doğruluğu xeyrinə olan məntiqi dəlildir.
                                       ﯙﯚ                

(22) “O Allah ki, sizin üçün yer üzünü döşədi, göyü isə tavan yaratdı, göydən yağmur endirdi və onun vasitəsilə sizin üçün müxtəlif meyvələrdən ruzilər yetişdirdi. İndi siz də Allaha (Onun heç bir oxşarı və bənzəri olmadığını) bilə-bilə şəriklər qoşmayın!”.

Sənin üzərindəki səmada nə varsa, hamısı göy adlanır. Şərhçilər belə hesab edirdilər ki, göy adı altında buludlar nəzərdə tutulmuşdur. Uca Allahın iradəsi ilə buludlardan tökülən suyun sayəsində taxıl, xurma və digər meyvə ağacları bitir. Siz meyvələri və taxılı yığırsınız və onlar sizin qidalanmağınızı təmin edir, yaşamağınıza kömək olur, sizi sevindirir və məmnun edir. Allahı heç kimə bərabər, tay tutmayın və məxluqları Ona bənzətməyin, çünki əks təqdirdə siz Allaha ibadət etdiyiniz kimi, həmin məxluqlara da səcdə etməyə başlayacaqsınız, onları, Allahı sevdiyiniz kimi sevəcəksiniz. Belə hərəkətə yol vermək olmaz, çünki o məxluqlar sizə oxşardırlar. Onlar yaradılmışlardır, qidalanmağa ehtiyacları var və öz Yaradanının iradəsindən asılıdırlar. Onlar hətta zərrə qədər olsa da nə yerdə, nə də göydə hakimiyyətə malik deyillər və onlar sizə nə xeyir, nə də zərər verməyə qadir deyillər.
Onları bilərəkdən Allaha şərik qoşmayın, axı sizə məlumdur ki, Onun şərikləri yoxdur. O, məxluqlarını təkcə Özü yaradır, onlara ruzi göndərir və Kainatı idarə edir. Təkcə O, kamil sifətlərə malikdir və sitayiş edilməyə layiqdir. Bəs siz niyə Onunla bərabər digər tanrıçalara ibadət edirsiniz? Sizin davranışınız, doğrudan da, qəribə və anlaşılmazdır.
Bu ayədə təkcə Allaha ibadət etmək hökmü və digər “ilahlara” ibadətin qadağan edilməsi öz əksini tapmış, Allaha ibadətin vacibliyinə inandırıcı dəlillər gətirilmiş və uydurulmuş ilahlara ibadətin əbəsliyi və faydasızlığı göstərilmişdir. Orada qeyd olunur ki, Allah Vahid Rəbdir, varlıqları yaradan, ruzi göndərən və Kainatın işlərini idarə edən də Odur. İnsan, saydığımız məsələlərdə, heç kimin Allaha şərik olmadığını qəbul edirsə, o, hökmən etiraf etməlidir ki, Onunla yanaşı kimsə ibadətə layiq ola bilməz. Bu – tövhidin zəruriliyinin xeyrinə olan və müşrikliyin yan­lışlığını təsdiq edən ən ağıllı məntiqi dəlildir.
                                                          

(23) “Əgər bəndəmizə (Muhəmmədə) nazil etdiyimizə (Qurana) şəkkiniz varsa, siz də (fəsahətdə və bəlağətdə) ona bənzər bir surə gə­tirin və əgər (“bu, bəşər kəlamıdır” sözünü) doğru deyirsinizsə, onda Allahdan savayı (bütün) şahidlərinizi (bütlərinizi, şair və alim­lərinizi bu işdə köməyə) çağırın!”

Ey kafirlər güruhu, Allahın Elçisini (s.ə.s.) qəbul etməkdə uzun müddət inadkarlıq göstərənlər, onun dəvətini rədd edib onu yalançı sayanlar! Əgər, Bizim qulumuza nazil etdiyimiz vəh­yin doğruluğuna dair şübhələr sizə əziyyət verirsə, onda həqiqəti aşkar etmək üçün ədalətli meyardan istifadə edin. Allahın Elçisi (s.ə.s.) sizin kimi bir insandır. O, ən gözəl danışanınız və ən çox biləniniz deyil. Anadan olduğu gündən həyatını necə keçirdiyi sizə məlumdur. O, nə oxuya bilir, nə də yaza bilir. O, Kitabı sizə gətirə­rək, onun Allah tərəfindən nazil edildiyini demişdir, lakin siz ona bildir­miş­siniz ki, kitabı o özü tərtib edib Allahın adına çıxmışdır. Dediyiniz sözlər doğrudursa, onda siz də bu Quran ayəsinə bənzər heç olmazsa bir surə yazın və kimi bacarırsınız köməyə çağırın. Siz əziyyət çəkmədən bu savadsız adamı ötüb keçərsiniz, axı siz bəlağət sahibləri olan şairlərsiniz və siz ona güclü nifrət bəsləyirsiniz. Əgər siz Quran ayəsinə bənzər bir su­rə yaza bilsəniz, onda dedikləriniz doğrudur. Lakin siz bunu edə bilməsə­niz, tamamilə köməksiz qalacaqsınız və sizin bu acizliyiniz Peyğəmbərin (s.ə.s.) doğruçuluğunu və onun insanlara gətirdiyi hər şeyin həqiqət olduğunu sübut edən böyük bir əlamət olacaq­dır. Bax onda sizin hər biriniz onun ardıyca getməlidir ki, hərarəti çox böyük və dəhşətli olan Cəhənnəm odundan xilas ola bilsin. Cəhənnəm, bu dünyada odunla yandırılan alova bənzəmir. O, Allaha və Onun elçilərinə iman gətirməkdən boyun qaçıran kəslər üçün hazırlanmışdır. Allahın Elçisinin (s.ə.s.) peyğəmbərliyinin gerçək­liyinə əmin olduqdan sonra, ona iman gətirməməkdən çəkinin.
Bu və buna bənzər ayələrdə Uca Allah məxluqların Müqəddəs Qurana bənzər bir şey yarada və ya ona qarşı çıxa bilməyəcəklərini kafir­lərə sübut edərək onların acizliklərini göstərir. Uca Allah buyurur: “...Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər”.” (İsra, 17/88).
Məgər torpaqdan yaradılmış məxluq hökmdarların Rəbbinin kəla­mı­na bənzər bir söz deyə bilərmi? Məgər heç bir məziyyəti mükəmməl olmayan zavallı insan tam kamilliyə malik və heç nəyə ehtiyacı olmayan mütləq Yaradanın kəlamına bənzər bir söz söyləyə bilərmi? İnsan, doğru­dan da, belə bir şeyə qadir deyil və Müqəddəs Quranı görkəmli şair və ya­zı­çıların əsərləri ilə müqayisə etmək üçün ədəbiyyat sahəsində ən ibtidai biliklərə malik olmaq və onların arasında böyük fərq olduğunu yəqin et­mək kifayətdir.
Bu ayədən həmçinin belə bir nəticə çıxarmaq olur ki, azmış insanın düz yola qayıdacağına o halda ümid etmək olar ki, o çaşqınlığa düşmüş, şübhələr içində əziyyət çəkən, haqqı nahaqdan ayıra bilməyən bir vəziy­yətdə qalmış olsun. Əgər belə bir insan doğrudan da həqiqəti bilmək istə­yirsə, yol onun üçün açılan kimi, o, düz yola gələ bilər. İnadkar kafirlərə gəldikdə isə, onlar həqiqəti bildikləri və onu şüurlu surətdə rədd etdikləri üçün doğru yola qayıtmırlar, çünki onlar, haqq olan din onlara tamamilə aydın olduqdan sonra da belə, ondan üz çevirirlər. Onların bu rəftarı məlumatsız olduqlarına görə deyil və onlar üçün bu vəziyyətdən çıxış yolu qalmamışdır. Eyni sözü şübhə edən kafirlər haqqında da demək olar. Onlar da həqiqəti tapmaq niyyətlərində səmimi deyillər. Əslində, onlar haqqa qarşı laqeyd­dirlər – onlar heç onu axtarmağa da çalışmırlar və əksər hallarda doğru yola gəlmirlər.  Bu ayədə diqqəti, Allahın Öz Elçisini (s. ə. s) Özünün qulu adlandırmasına yönəltmək lazımdır. Bu şərəfli mətndə belə bir ifadənin işlədilməsi ona dəlalət edir ki, Peyğəmbərin (s. ə. s) ən vacib sifətlərindən biri, onun öz vəzifəsini, bir qul kimi, səylə yerinə yetirməsi idi və məhz buna görə də o (s. ə. s), özündən əvvəlki bütün sələflərini və ardıcıllarını ötüb keçdi. Uca Allah Öz Elçisini (s. ə. s) gecə vaxtı Qüdsə apardığını və ona (s. ə. s) Müqəddəs Quranı nazil etdiyini xatırlayarkən eynilə bu cür səciyyələndirmişdir. Uca Allah buyurur:
“Bəzi ayələrimizi (qüdrətimizə dəlalət edən qəribəlikləri və əcaiblikləri) göstərmək üçün bəndəsini (Peyğəmbər əleyhissəlamı) bir gecə (Məkkədəki) Məscidülhəramdan ətrafını mübarək etdiyimiz (bə­rə­kət verdiyimiz) Məscidüləqsaya (Beytülmüqəddəsə) aparan Allah pak və müqəddəsdir...” (İsra, 17/1) );
“Aləmləri (insanları və cinləri Allahın əzabı ilə) qorxutmaq üçün (haqqı batildən ayıran) Quranı Öz bəndəsinə (Muhəmmədə) nazil edən Allah nə qədər (uca, nə qədər) uludur! (Ucalardan ucadır; əzəli və əbədidir, xeyir-bərəkəti bol və daimidir!)” (Furqan, 25/1).

                  ﯿ    ﰁﰂ        
(24) “Madam ki, bele bir işi bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı (günahkar) insanlardan və kibrit daşlarından ibarət olan oddan (Cəhənnəmdən) həzər edin!”

Uca Allah buyurur ki, Cəhənnəm kafirlər üçün artıq hazırlanmışdır. Bu və digər oxşar ayələr Sünnə və camaat tərəfdarlarının baxışlarının doğ­ruluğunu təsdiq edir. Mötəzilələrdən fərqli olaraq, onlar doğrudan da he­sab edirlər ki, Cənnət və Cəhənnəm artıq mövcuddur və xəlq edilibdir.
Bu ayədən belə bir nəticə də çıxarmaq olar ki, tövhid tərəfdarları, hətta ən ağır günahlar işləsələr belə, Cəhənnəmdə əbədi qalmayacaqlar. Bu müddəa xaricilərin və mötəzilələrin baxışlarına ziddir. Uca Allah bu­yu­rur ki, Cəhənnəm kafirlər üçün hazırlanmışdır və əgər Allaha itaətsizlik edən tövhid tərəfd arları orada əbədi qalmalı olsaydılar, onda Cəhənnəmin təkcə kafirlər üçün yaradılmasından bəhs edilməzdi. Buradan belə bir sonuca gəlmək olar ki, günahkarlar ancaq törətdikləri küfr və müxtəlif günahlardan ibarət olan cinayətlərə görə cəzalandırılmağa layiqdirlər.
Uca Allah kafirlərin cəzalandırılması barədə xatırladıqdan sonra xeyirxah əməl sahibləri olan möminlərin mükafatlandırılması haqqında xəbər verir. Uca Allah Öz Kitabında belə hallara tez-tez yer verir. O, qul­larını cəzalandırmaqla qorxudur və onları mükafatlandırmaqla isə həvəs­ləndirir ki, onlar heç vaxt qorxu hissini unutmayaraq, həmişə xoş ümid­lərlə yaşasınlar. Uca Allah buyurur:

                       ﭜﭝ             ﭣﭤ            ﭪﭫ      ﭮﭯ         ﭳﭴ          

(25) “(Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən kimsələrə müjdə ver: onlar üçün (ağacları) altından çaylar axan cən­nətlər (bağlar) vardır. (O cənnətlərin) meyvələrindən bir ruzi yedikləri zaman: “Bu bizim əvvəlcə (dünya evində) yediyimiz ruzi­dir”, - deyəcəklər. Əslində isə bu (ruzi, meyvələr) onlara (dünyadakı­lara zahirən) bənzər olaraq verilmişdir. Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var. Onlar (möminlər) orada əbədi qala­caqlar”.

Ey Elçi! Ey onun (s.ə.s) işini davam etdirən möminlər! Bütün qəlbi ilə iman gətirənləri və öz vücudu ilə xeyirxah əməllər yerinə yeti­rərək, imanlarını təsdiq edənləri sevindirin. Onların saleh əməlləri ədalət­lidir, çünki onlar qulların vəziyyətini nizamlayır, onların bu dünyada fira­van yaşamasını və Axirət həyatında müvəffəqiyyət qazanmasını təmin edir, onları müsibətlərdən və bədbəxtliklərdən xilas edərək, Cənnətdə və Mərhəmətli Allahın yaxınlığında olmağa layiq möminlərə çevirirlər. Buna görə, onları müjdələ ki, onlar Cənnət bağlarına düşəcək, orada son dərəcə gözəl ağaclar, ləzzətli meyvələr, sərin kölgəliklər və gur yarpaqlı budaqlar tapacaqlar. Cənnət bağları bu adla ona görə adlandırılır ki, orada kölgəli yerlər boldur və bu, oranın sakinlərini məmnun edir. Onların altından su, süd, bal və şərab çayları axır və Cənnət sakinləri bu çayların yatağını istədikləri məcraya yönəldə bilirlər. Ən müxtəlif meyvələr yetişən Cənnət ağacları onların vasitəsilə suvarılır. Cənnət sakinlərinə o meyvələrdən verildikdə, onlar deyəcəklər: “Bu meyvələr bizim yediklərimiz kimidir”. Bu o deməkdir ki, bütün Cənnət meyvələri ən əla keyfiyyətə malikdir. Onların hər biri yaraşıqlı və ləzzətlidir, orada dadsız meyvələr görməzsən. Cənnətə daxil olduqda, möminlər bir an da olsun belə həzz almaqdan məhrum olmayacaqlar və onlara təklif ediləcək yeməli şeylər onlara hə­mişə misli görünməmiş ləzzət bəxş edəcəkdir.
Belə bir rəy mövcuddur ki, bu ayədən çıxarılan nəticəyə görə, Cənnət meyvələri yerdə olanlarla eyni adlar daşıyacaq, amma dadları ilə onlardan fərqlənəcək. Başqa bir şərhə görə isə, onlar rənginə görə yerdəki meyvələrə oxşayacaq, amma onlardan adlarına görə seçiləcəklər. Üçüncü bir rəyə görə isə, onlar öz gözəl keyfiyyətləri ilə bir-birinə oxşayacaq və möminlərə eyni ləzzəti və zövq verəcəklər. Yəqin, sonuncu şərh daha doğrudur.
Uca Allah Cənnətin otaqlarını, ləzzətli yeməklərini, içkilərini və meyvələrini xatırladıqdan sonra, Cənnət zövcələri haqqında xəbər verir və onları ən gözəl tərzdə səciyyələndirir. O, onları təmizlənmiş zövcələr ad­lan­dırır, lakin onların təmizlənəcəyi və xilas ediləcəyi qüsurları qeyd etmir. Bu isə o deməkdir ki, onlar tamamilə pak olacaqlar.  Onlar təmiz əxlaqa, təmiz əndama, təmiz ağıza və təmiz baxışlara sahib olacaqlar. Onların əxlaqlılığı özünü ərlərinə bəslədikləri vəfalı məhəbbətdə təcəssüm edəcək, ərləri də onları eynilə gözəl xasiyyətlərinə, ərə sədaqətinə, incə davranışına və valehedici nitqinə görə sevəcəklər. Onların bədəni aybaşı­dan, doğuşdan sonrakı qanaxmalardan, spermadan, sidikdən, nəcisdən, bəl­ğəmdən, selikdən və xoşagəlməz iylərdən azad ediləcək, çöhrələri isə gözəl və kamil olacaqdır. Onlar qüsurlardan, çatışmazlıqlardan və eybə­cər­liklərdən xali olacaqlar. Gözəl və nəcib zövcələr olduqları üçün dilləri və baxışları hər cür çirkinlikdən təmizlənmiş olacaq. Onlar öz gözlərini yad kişilərin baxışlarından və dillərini pis sözlərdən qoruyacaqlar.
Bu gözəl ayədə müjdə veriləcək kəslər, müjdənin özü və onların buna nail olacaqlarının səbəbi xatırlanır. Bu xoş xəbəri – müjdəni gəti­rənlər Allahın Elçisi (s.ə.s.) və onun yolunu davam etdirən müsəlman­lardır. Xeyirxah işlər görən möminləri bu müjdələrlə sevindirmək lazım­dır. Müjdə dedikdə, bu kəramətli ayədə təsvir edilən Cənnət bağları haq­qında xəbərlər nəzərdə tutulur. Ona, ancaq haqq dinə iman gətirməklə, əməlisaleh işlər görməklə nail olmaq mümkündür. Bir sözlə, Uca Allah ayədə ən əzəmətli bir müjdəni yada salmışdır ki, bəşəriyyətin ən yaxşı nümayəndəsi onu, yaxşı əməllər edən insanlar üçün gətirmişdir. 
Bu ayədən belə bir nəticə də çıxartmaq olar ki, möminlərə müjdə sevinci bəxş etmək və onları əməlisaleh işlər görməyə ruhlandırmaq və bu işlərə və onların faydalı nəticələrinə görə əcr veriləcəyini xatırlatmaq tərifəlayiqdir. Həm də belə xatırlatmalar insanların xeyirxah işlər görmə­sini asanlaşdırır. Belə ki, insan üçün ən vacib müjdə onun iman gətirməsi və saleh əməllər işlətməsidir.
Bunun ardıyca, bu dünya həyatından ayrılarkən, alınan müjdədir ki, möminlər bundan sonra əbədi səadətə qovuşurlar. Ey Allah, bizə də bu mərhəmətini nəsib et!

Ardını bu ünvanı tıklayıb oxuyun:

1 комментарий:

  1. Hörmətli oxucu bacı və qardaşlar!
    Nəzərə alın ki, bu Təfsirin artıq beş cildi nəşr olunub yayılmışdır. I və II cildlərlə sonrakı cildlər həm tərtibatı və həm də tərcüməmin fərqliliyini hiss etmiş olacaqsınız. Buna görə xatırlatmaq istəyirəm onların işıq üzü görmələri arasında zaman müxtəlifliyi olduğunu, yəqin ki, nəzərə alacaqsınız. Artıq dörd ildir ki, Allahın yardımı ilə böyük fasilə vermədən Təfsiri tərcümə edib bitirdikcə Fövqəluca Rəbbimizin sayəsində nəşr etdirirəm ki, oxuyub Müdrik Allahımızın dininə daha asanlıqla qovuşa biləsiniz və özünüz üçün Axirət azuqəsi hazırlayasınız.
    Allahdan insanlarımıza, haqqı tanıyanlara hidayət verməsini arzulayıram!
    Bu Təfsir Allahın Quranındakı bilikləri dərk etməkdə sizə böyük yardım göstərə bilər. Onu Quranla bərabər mükəmməl oxuyun və şərhi verilmiş hər ayə üzərində gözəlcə və dərincə düşünün!
    Allah Böyük və Mərhəmətlidir, günahları Bağışlayandır.

    ОтветитьУдалить